Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün silahların və inteqrasiya olunmuş mühafizə sistemlərinin perspektivli modellərini təqdim edən 13-cü Beynəlxalq Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Securex Caspian sərgisi öz işinə başlayıb.
“ADEX” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.
Mərasim iştirakçıları arasında Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov, Azərbaycan Silahlı Qüvvələrinin komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmət rəisləri, Müdafiə Sənayesi Nazirliyinin struktur rəhbərləri, VİP qonaqlar və xarici nümayəndə heyətləridir.
Sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunub.
“Securex Caspian” sərgisi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin, vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək edəcək.
Sərgini Azərbaycanın hüquq-mühafizə və xilasetmə orqanlarının, qəza-xilasetmə və sərhəd xidmətlərinin rəhbərləri, beynəlxalq nümayəndə heyətləri, eləcə də şəhər infrastrukturu, nəqliyyat, sənaye müəssisələri və s. obyektlərin təhlükəsizliyinin təmin olunmasında iştirak edən mütəxəssislər ziyarət edəcəklər.
“Securex Caspian” sərgisində siqnalizasiya və əhalini xəbərdaretmə vasitələri, kriminalistik optik alətlər, qəza-xilasetmə vasitə və avadanlıqları, yanğın təhlükəsizliyi avadanlığı və s. bölmələr təqdim olunur.
Securex Caspian” sərgisi Azərbaycan Respublikasının hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi “ADEX” ilə paralel keçirilir.
“ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Konfransı (pilotsuz sistemlər, kibertəhlükəsizlik, hərbi tibb sahəsində innovasiyalar və s. aktual mövzularda sessiyalar keçiriləcək), hərbi orkestrin çıxışları, hərbi mövzularda VR oyunları və digər tədbirlər təşkil ediləcək.
Bundan başqa, sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək.
Securex Caspian sərgisi dövlətin, cəmiyyətin və vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsinə əlverişli şərait yaradacaq, yeni müqavilələrin bağlanması üçün geniş imkanlar yaradacaq.